Pirşağı

MANARCH studionun layihəsi əsasında Pirşağı yenilənir

Aprelin 16-da Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, 2019-cu ildən Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində xüsusi abadlaşdırma işlərinə başlanılıb. Balaxanı qəsəbəsinin timsalında uğurlu təcrübənin şahidi olmuşuq. Bibiheybət, Novxanı, Əmircan, Ramana qəsəbələrində də bu proses davam edir.

Artıq Pirşağı da mahiyyətcə qədim, formaca yeni simasını qazanacaq. Həyata keçirilən tədbirlərin əsas məqsədi buradakı insanların daha yaxşı şəraitdə yaşaması, özlərini daha rahat hiss etmələridir. Pirşağı tarixən iqlim terapiyası üçün əlverişli zona hesab olunub. Yekunda ekoloji vəziyyətin də yaxşılaşdırılması hədəf kimi qarşıya qoyulub.

Qəsəbədə abadlıq işləri həm mövcud binalar üzərində, həm də açıq məkanlarda aparılacaq. Mərkəzi hissədə məscidin qarşısında Şərq bağçılıq ənənələrinə uyğun parkın salınması nəzərdə tutulur. Ənənəvi “Çar-bağ” (Cahar-bağ) prinsipi ilə salınacaq parkın mərkəzində su hövzəsi yerləşdirilib və ondan dörd istiqamətdə yollar ayrılır.

Pirşağıda abadlaşdırma işləri məşğulluğun təminatına da müsbət təsir göstərir. Prosesdə iştirak edənlərin böyük əksəriyyəti məhz yerli sakinlərdən ibarətdir. Yeni siması ilə post-pandemiya dövründə cəlbedici turizm məkanlarından birinə çevrilməyi hədəfləyən Pirşağıda tələbata uyğun məhsulların istehsalı da istisna edilmir.

VİDEO – Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib